İranla müharibə ABŞ iqtisadiyyatı və hərbi ehtiyatları üzərində ciddi təzyiq yaradıb.
Redaksiya məlumat verir ki, Pentaqonun ilkin hesablamalarında İran müharibəsi üçün 25 milyard dollar nəzərdə tutulsa da, xərclərin artıq 77 milyard dolları keçdiyi bildirilir.
Məlumata görə, ABŞ-İsrail əməliyyatlarının iki ayı ərzində Vaşinqton 1000-dən çox “Tomahawk” raketi, 190-290 THAAD raketi və 1060-1430 “Patriot” önləyici raketi sərf edib.
THAAD və “Patriot” sistemləri üzrə istifadə olunan sursatın ABŞ ehtiyatlarının yarıdan çoxunu təşkil etdiyi iddia olunur. Bu tip raketlərin yenidən tədarükü isə orta hesabla bir neçə il çəkə bilər.
Müharibənin iqtisadi təsiri yalnız hərbi xərclərlə məhdudlaşmır. Brown Universitetinin hesablamalarına görə, ABŞ istehlakçıları müharibə başlayandan bəri benzin və dizel üçün əlavə 35 milyard dollar xərcləyiblər.
Donald Tramp administrasiyasının İran siyasətinin inflyasiya, ipoteka faizləri, yükdaşıma qiymətləri, ərzaq və gübrə bazarına da təsir göstərdiyi bildirilir.
Məlumata görə, inflyasiya 3,5 faizə yüksəlib, 30 illik ipoteka faizi 6,37 faizə çatıb, qısamüddətli transatlantik yükdaşıma tarifləri isə 56 faiz artıb.
Paketlənmiş ərzaq və içki məhsullarının qiyməti 7,9 faiz, ABŞ kənd təsərrüfatı üçün mühüm olan azot gübrəsinin qiyməti isə 30 faizdən çox yüksəlib.
Ekspertlər xəbərdarlıq edirlər ki, neft tədarükündəki həcm itkisi qlobal bazarda daha ciddi çatışmazlıq yarada bilər.
“The Carlyle Group”un baş analitiki Cefri Kerri bildirib ki, neftin ÜDM-də payı qiymət baxımından kiçik görünə bilər, lakin sistemdən böyük həcmdə çıxarıldıqda bunun təsiri ciddi olur.
Onun fikrincə, mövcud tendensiya davam edərsə, dünya iyul ayından etibarən daha ağır enerji çatışmazlığı riski ilə üzləşə bilər.
