Redaksiya İran mediasına istinadən məlumat verir ki, İranın Bəndər Abbas şəhərindəki Şahid Rəcəi limanında baş verən və onlarla insanın həyatına son qoyan güclü partlayışın ilkin səbəbi açıqlanıb. Sina Port və Dəniz Xidmətləri Şirkətinin (SPMCO) baş direktoru Səid Cəfəri bildirib ki, faciəyə yüksək təhlükəli kimyəvi maddələrin adi mallar kimi yanlış bəyan edilməsi və təhlükəsizlik qaydalarına riayət olunmaması səbəb olub.
Baş verən dəhşətli hadisə nəticəsində ən azı 40 nəfər həlak olub, 1200-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 6 nəfərin isə taleyi hələ də məlum deyil. Yerli mənbələrin yaydığı məlumatlara görə, partlayışın əsas amili kimi natrium perxlorat kimi son dərəcə təhlükəli maddələrin düzgün şəkildə saxlanılmaması göstərilir.
Güclü partlayış limanın infrastrukturuna ciddi ziyan vurub, ətraf ərazilərdə də dağıntılara səbəb olub. İran rəsmiləri faciənin bütün təfərrüatlarının araşdırılması və məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi üçün xüsusi bir komissiya yaradıb. Hazırda hadisə ilə bağlı genişmiqyaslı istintaq tədbirləri davam etdirilir.
Sevinc Kərimova
