İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin dəniz minalarına toxunduğunu açıqlayıb. İran tərəfinin məlumatına görə, gəmilər naviqasiya və mövqetəyinetmə sistemlərini söndürərək icazəsiz hesab edilən marşrutla hərəkət etməyə çalışıblar.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, SEPAH-ın noyabrın 6-da yaydığı açıqlamaya əsasən, tankerlərdən biri Hörmüz boğazının şərq hissəsində, digəri isə boğazın daxilində minaya düşüb.
İran tərəfi hər iki gəmidə partlayış və yanğın baş verdiyini, nəticədə tankerlərin hərəkətini dayandırdığını bildirib.
SEPAH iddia edib ki, tankerlər ABŞ hərbçilərinin dəstəyi ilə İranın icazə vermədiyi marşrutdan istifadə edərək boğazı tərk etməyə çalışıblar. Bu iddia müstəqil şəkildə təsdiqlənməyib.
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının Tehranın müəyyən etdiyi yeddi şərt yerinə yetirilənədək bağlı qalacağını açıqlayıb.
Bəyanatda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) tankerlərin İranın təhlükəli hesab etdiyi marşrutlardan keçməsinə şərait yaratmaq cəhdləri də tənqid olunub.
Hadisəyə məruz qalan tankerlərin adları, hansı ölkələrə məxsus olduğu, ekipaj üzvlərinin vəziyyəti və dəymiş ziyanın miqyası barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi ilə birləşdirən və qlobal enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyan dəniz yoludur.
İranın boğazda tətbiq etdiyi keçid məhdudiyyətləri və minalarla bağlı məlumatlar beynəlxalq gəmiçiliyin təhlükəsizliyi ilə əlaqədar narahatlıqları artırır.
