İran heç vaxt ABŞ qarşısında baş əyməyəcək - Pezeşkian  BMT-nin kürsüsünə Xameneinin şəkli ilə çıxdı

İran heç vaxt ABŞ qarşısında baş əyməyəcək - Pezeşkian BMT-nin kürsüsünə Xameneinin şəkli ilə çıxdı

Aytac Dəniz · Dünya ·

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının kürsüsündən bəyan edib ki, ölkəsi heç vaxt Birləşmiş Ştatlar qarşısında baş əyməyəcək.

Redaksiya CNN telekanalına istinadən xəbər verir ki, İran lideri rəsmi çıxışına müharibənin ilk günlərində ölkədəki ibtidai məktəblərdən birinə endirilən zərbəni xatırlatmaqla başlayıb:

“Biz terrorizmin qurbanı olmuşuq. İran heç bir ölkənin Hörmüz boğazından öz təcavüzkar planlarını həyata keçirmək üçün istifadə etməsinə icazə verməyəcək. Həmçinin Tehran nüvə texnologiyalarına hərbi təhdid üçün deyil, yalnız inkişaf və tərəqqi naminə can atır”.

Məlumat üçün bildirək ki, İran Prezidenti çıxışı zamanı İranın sabiq Ali Lideri Seyid Əli Xameneinin fotosunu da nümayiş etdirib.

Səhər iclasının beşinci natiqi olan Pezeşkianın çıxışı başlayan kimi BMT zalında əyləşən yeganə ABŞ nümayəndəsi ayağa qalxaraq məkanı tərk edib.

Qeyd edək ki, bu çıxışdan bir qədər əvvəl ABŞ Prezidenti Vaşinqtonun İrana dair “böyük qərar” verməli olduğunu bəyan etmişdi. Trampın sözlərinə görə, ABŞ Konqresinə aralıq seçkilərindən sonra Tehranla ya yekun saziş bağlanmalı, ya da ölkə “məhv edilməlidir”. ABŞ lideri əlavə edib ki, Ağ Ev təmsilçiləri BMT çərçivəsində İran heyəti ilə 3 saatlıq “çox səmərəli” görüş keçiriblər.

Öz növbəsində ABŞ Dövlət katibi Marko Rubio da razılaşma əldə olunmayacağı təqdirdə İrana qarşı iqtisadi təzyiqlərin daha da sərtləşdiriləcəyi ilə hədələyib. (Qafqazinfo)

İran heç vaxt ABŞ qarşısında baş əyməyəcək - Pezeşkian  BMT-nin kürsüsünə Xameneinin şəkli ilə çıxdı - Şəkil 1