Birləşmiş Ərəb Əmirliklərində Barakah Atom Elektrik Stansiyasının yaxınlığında dron zərbəsi nəticəsində yanğın baş verib.
Redaksiya xəbər verir ki, zərbə stansiyanın əsas daxili perimetrindən kənarda yerləşən elektrik generatoru ərazisinə endirilib. BƏƏ rəsmiləri hadisə nəticəsində xəsarət alan olmadığını və obyektin nüvə təhlükəsizliyinə təsir qeydə alınmadığını bildiriblər.
BƏƏ tərəfi Beynəlxalq Atom Enerjisi Agentliyini hadisə barədə məlumatlandırıb. Açıqlamaya görə, radioloji təhlükəsizlik göstəriciləri normaldır və radiasiya sızması qeydə alınmayıb.
BƏƏ-nin nüvə tənzimləyicisi stansiyanın bütün bloklarının normal rejimdə işlədiyini bildirib. Beynəlxalq Atom Enerjisi Agentliyi isə nüvə obyektləri yaxınlığında hərbi insidentlərin ciddi təhlükə yaratdığını vurğulayıb.
Barakah Atom Elektrik Stansiyası ərəb dünyasında ilk nüvə elektrik stansiyasıdır və BƏƏ-nin elektrik enerjisi tələbatının mühüm hissəsini qarşılayır. Hadisə İranla regional gərginliyin davam etdiyi və Körfəz ölkələrinin kritik infrastrukturu gücləndirilmiş təhlükəsizlik rejimində saxladığı dövrə təsadüf edir.
