İran Atom Enerjisi Təşkilatı bu səhər açıqlama yayaraq Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinin sübh saatlarında hücuma məruz qaldığını təsdiqləyib. Qurum bildirib ki, bu hücumlar son günlərdə düşmən tərəfindən həyata keçirilən “vəhşi və ardıcıl təcavüzlərin” davamıdır.
Redaksiya xəbər verir ki, İran tərəfi bu hücumun beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu bəyan edib: “Bu qanunsuz və qəddar hücum, təəssüf ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin susqun müşahidəsi fonunda baş verib. Beynəlxalq ictimaiyyətdən, meşə qanunları ilə hərəkət edənlərin bu cür qanunsuzluqlarını qəti şəkildə qınamasını gözləyirik.”
Təşkilat həmçinin İran xalqına müraciət edərək, bütün bu xarici təzyiqlərə və “düşmənin qara niyyətli planlarına” baxmayaraq, minlərlə inqilabçı alimlərin səyləri ilə İranın dinc məqsədli nüvə enerjisinə sahib olma haqqının qorunacağına söz verib.
İran rəsmiləri bu bəyanatla ABŞ və İsrailin həyata keçirdiyi hücumlara qarşı siyasi və elmi müstəvidə cavab veriləcəyini açıqlayıb. Gərginliyin bu bəyanatdan sonra daha da artacağı gözlənilir.
Sevinc Kərimova
