İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin hərbi müdafiəyə tam hazır olduğunu, eyni zamanda ABŞ ilə münaqişənin diplomatik yollarla həllinə çalışdığını bildirib. Tehran yeddi günlük sülh planının daha qısa müddətdə həyata keçirilməsi üçün vasitəçilərlə danışıqları davam etdirir. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Əraqçi X sosial şəbəkəsində paylaşım edərək İranın diplomatik həll imkanlarından imtina etmədiyini vurğulayıb.
“Cəsur silahlı qüvvələrimiz vətənimizi müdafiə etməyə tam hazır olsa da, İran diplomatiyanın uğur qazanması üçün imkan yaratmağa davam edir”, – deyə nazir bildirib.
Əraqçinin sözlərinə görə, Tehran münaqişənin həlli məqsədilə hazırladığı yeddi günlük planın daha sürətli icrasını təmin edə biləcək təklifləri nəzərdən keçirir.
“Yeddi günlük planımızın hətta bir həftədən də az müddətdə həyata keçirilməsini təmin edə biləcək ideyaları qiymətləndirmək üçün vasitəçilərlə sıx və davamlı əlaqə saxlayırıq”, – deyə İran XİN rəhbəri qeyd edib.
İranın daha əvvəl təqdim etdiyi plan müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə Hörmüz boğazının yenidən açılmasını və ABŞ ilə danışıqların bərpasını nəzərdə tutur.
Tehranın əsas tələbləri arasında ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması və neft ixracına qarşı sanksiyaların yumşaldılması yer alır.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranın əvvəlki təklifini qəbul etməyib. Bundan sonra Qətərin vasitəçiliyi ilə diplomatik təmaslar davam etdirilib.
Bununla belə, tərəflər arasında yekun razılaşma əldə olunmayıb. İran rəhbərliyi hərbi hazırlığını qorumaqla yanaşı, münaqişənin diplomatik həlli üçün danışıqları davam etdirmək niyyətində olduğunu bildirir.
