Son günlər App Store platformasında yayımlanan iPhone tətbiqləri ilə bağlı ciddi məlumat təhlükəsizliyi problemi üzə çıxıb. Aparılan araşdırmalar nəticəsində çoxsaylı tətbiqlərin istifadəçilərə məxsus həssas məlumatları üçüncü tərəflərlə paylaşdığı müəyyən edilib və bu hal geniş narahatlıq doğurub.
Redaksiya məlumat verir ki, Firehound mütəxəssislərinin açıqlamasına əsasən App Store-da mövcud olan 198 tətbiqdən 196-sı istifadəçi məlumatlarını kənar tərəflərə ötürüb. Sızdırılan məlumatlara şəxsi informasiyalar, elektron poçt ünvanları və yazışma tarixçələri daxildir. Xüsusilə Chat & Ask adlı tətbiqin 18 milyon istifadəçiyə aid ümumilikdə 406 milyon qeydi ifşa etdiyi bildirilib.
Mütəxəssislər bu cür hallarının istifadəçilərin məxfiliyinə ciddi təhlükə yaratdığını vurğulayırlar. Qeyd olunur ki, məlumatların bu miqyasda yayılması həm fərdi təhlükəsizlik risklərini artırır, həm də rəqəmsal platformalara olan etimadı sarsıdır.
Məsələ fonunda tətbiq tərtibatçılarının məsuliyyəti və məlumatların qorunması ilə bağlı qanunvericiliyin gücləndirilməsi zərurəti daha qabarıq şəkildə gündəmə gəlir. Mütəxəssislər istifadəçilərə tətbiqləri yükləyərkən icazələrə diqqət yetirməyi, aidiyyəti qurumlara isə nəzarət mexanizmlərini sərtləşdirməyi tövsiyə edirlər.
