Apple-ın gələn ilin payızında təqdim etməsi gözlənilən iPhone 18 Pro və iPhone 18 Pro Max modelləri ilə bağlı yeni sızıntılar yayılıb.
Redaksiya xəbər verir ki, Apple yeni Pro seriyası üçün əsas imza rəngi kimi “Dark Cherry”, yəni tünd albalı tonunu hazırlayır. Bildirilir ki, bu rəng qırmızı və bordo arasında yerləşən daha tünd premium çalara sahib olacaq.

Sızıntılara görə, şirkət əlavə olaraq açıq mavi, tünd boz və gümüş rəng variantlarını da test edir. Açıq mavi tonunun əvvəlki “Mist Blue” rənginə yaxın olacağı iddia edilir.
Məlumata əsasən, Apple kamera dizaynını ciddi şəkildə dəyişməyəcək və mövcud üçlü kamera quruluşunu qoruyacaq. Bununla belə, yeni sensor texnologiyası səbəbilə kamera blokunun bir qədər qalınlaşa biləcəyi bildirilir.
Texnologiya mənbələri iPhone 18 Pro modellərində daha inkişaf etmiş ekran texnologiyası, kiçikləşdirilmiş Dynamic Island və yeni nəsil A20 Pro çipinin istifadə oluna biləcəyini də qeyd edirlər.
Analitiklər hesab edirlər ki, Apple bu dəfə dizayn inqilabından çox performans, kamera və enerji səmərəliliyinə fokuslanacaq.
