İngiltərənin Baş naziri və Leyboristlər Partiyasının lideri Kir Starmer, Fələstin dövlətini tanımaq məsələsində ehtiyatlı mövqe tutduğuna görə partiyası daxilində və ictimaiyyətdə artan təzyiqlə üz-üzədir.
Redaksiya xəbər verir ki, son günlərdə 221 deputat Starmerə Fələstini tanımaq çağırışı edib. Hətta Nazirlər Kabinetinin bəzi üzvləri də Baş nazirdən bu qərarı yenidən nəzərdən keçirməyi tələb edir.
Starmer prinsipial olaraq Fələstin dövlətini tanımağa dəstək verdiyini bildirir. Lakin onun fikrincə, bu, yalnız “doğru zaman” və “geniş miqyaslı sülh prosesi” çərçivəsində baş verməlidir. Bununla belə, Qəzzadakı humanitar böhranın dərinləşməsi partiya daxilində bu mövqeyə qarşı ciddi etirazlar doğurub.
Bu həftə Starmer İskoçiyada ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşdə Qəzzadakı humanitar vəziyyət və sülh prosesi müzakirə olunub. Tramp görüşdə Qəzzada “gerçək aclıq” olduğunu etiraf edib və Avropa müttəfiqləri ilə birlikdə bölgədə “qida mərkəzləri” qurmaq istədiklərini bildirib.
Fransa Prezidenti Emmanuel Makronun sentyabr ayında Fələstini tanıyacağını açıqlaması da Starmer üzərindəki beynəlxalq təzyiqləri artırıb. Lakin Starmerin, ABŞ-la münasibətləri zədələməmək üçün hələlik bu addımı atmaq istəmədiyi vurğulanır.
Leyboristlər Partiyasının bəzi deputatları Starmerin mövqeyini “yalnız söz” olaraq qiymətləndirir. Bir deputat deyib: “Artıq insanlar tanınmadan azına razı olmayacaq”. Digər bir deputat isə bu məsələnin birbaşa Starmerin məsuliyyətində olduğunu və bu mövqenin partiyanın seçicilər arasında etibarını zədələdiyini bildirib.
Siyasi müşahidəçilər Starmerin hüquqçu keçmişini nəzərə alaraq, tanınmanın hüquqi nəticələri ilə bağlı tərəddüdləri ola biləcəyini düşünür. Onun “jest siyasəti”nə qarşı məsafəli olması da qərarına təsir edən səbəblərdən sayılır.
ABŞ Prezidenti Trampın sentyabrda gözlənilən dövlət səfərindən əvvəl Starmerin Fələstini tanıyacağı ehtimal olunmur. Bu səbəbdən də bu həftə keçiriləcək BMT-nin iki dövlətli həll üzrə konfransında Xarici işlər naziri Devid Lammidən ciddi çıxış gözlənilmir.
Lakin Trampın səfərindən sonra İngiltərənin BMT Baş Assambleyasında Fələstini tanıması mümkündür. Buna baxmayaraq, bir çox leyborist deputatlar hesab edir ki, bu gecikmə artıq partiyaya baha başa gələ bilər.
Partiya daxili mənbələrdən bir deputat xəbərdarlıq edib: “Seçici bizi bağışlamayacaq.”
Bugün Financial Times nəşriyyatı da bu haqda məqalə dərc edib.
Sevinc Kərimova
