İtaliya mətbuatı Türkiyə-İtaliya 4-cü Hökumətlərarası Zirvəsinə geniş yer ayırıb. Roma şəhərində keçirilən zirvə görüşü iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm addım kimi qiymətləndirilir.
Redaksiya xarici mətbuata istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliya Baş naziri Corciya Meloni arasında keçirilən görüşdə ticarət, müdafiə və infrastruktur sahələrində əməkdaşlığın artırılmasına dair razılıq əldə olunub. İtaliya mətbuatında dərc olunan xəbərlərdə, Ukrayna müharibəsi və Ankarasının rolu kimi aktual məsələlərə də toxunulub. "La Stampa" qəzetinin yazdığına görə, Meloni Ərdoğanla ittifaqını gücləndirir və Türkiyənin Aİ üzvlüyünü dəstəkləyir. Görüşdə NATO sammitində qəbul edilən qərarlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi, İsrail-Fələstin münaqişəsində iki dövlətli həllin dəstəklənməsi, Ukrayna və Liviyanın suverenliyi və təhlükəsizliyinin təmin edilməsi, eləcə də Aİ üzvü olmayan ölkələrin də qitənin ümumi müdafiəsinə cəlb edilməsi kimi məsələlər müzakirə olunub.
"Il Messaggero" qəzetinin yazdığına görə, zirvə görüşündə iki ölkə arasında ticarət həcminin 40 milyard dollara çatdırılması hədəflənir. Həmçinin, Baykar şirkətinin İtaliyada NATO üçün pilotsuz uçuş aparatları (PUA) istehsal edəcəyi də qeyd olunub. "La Repubblica" qəzetinin məlumatına görə, iki ölkə müdafiə sənayesi şirkətləri arasında imzalanan ilkin protokol əsasında İtaliyada birgə istehsal mərkəzi yaradılacaq. Bundan əlavə, TIM Sparkle və Turkcell şirkətləri arasında 4 min kilometrlik telekommunikasiya xəttinin çəkilməsi də razılaşdırılıb. "Corriere della Sera" qəzetinin yazdığına görə, İtaliya Türkiyə ilə kosmik sahədə də əməkdaşlıq etməyə razılıq verib.
İtalyan mətbuatında vurğulandığı kimi, bu zirvə görüşü iki ölkə arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm bir fürsət olub. Görüşdə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin maraqlarına uyğun gələn mühüm qərarların qəbul edilməsi ilə nəticələnib.
Sevinc Kərimova
