Qürurla deyə bilirik ki, elə bir beynəlxalq turnir, çempionat yoxdur ki, azərbaycanlı idmançılar orada qələbələr qazanmasın, himnimizi səsləndirməsin, üçrəngli bayrağımızı dalğalandırmasınlar. Bu mənada Azərbaycan, idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Ölkə idmançıları idmanın əksər növlərində keçirilən beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edərək tarixi uğurlara imza atır, böyük qələbələr qazanırlar.
İdmançılarımızın böyük uğurlar qazanması əbəs yerə deyildir. Məhz dövlətin idmana və idmançılara diqqəti və qayğısı gün-gündən artmaqdadır. Bir zamanlar məlum səbəblərdən ölkəni tərk edən idmançılar artıq Vətənə dönüblər. Onlar üzərlərində hərtərəfli qayğı, diqqət görürlər. Azərbaycan xalqının qanından, genindən gələn güc-qüvvət idmançılarımızın timsalında özünü açıq şəkildə nümayiş etdirir. İdmançılarımız sözün əsl mənasında bütün dünyanı fəth edirlər. 2025-ci il ərzində 2000-dən çox medal qazanan idmançılarımızın 600-dən çoxunun Azərbaycanın dövlət himnini səsləndirməyə, bayrağımızı ucaltmağa nail olmaları tarixi uğurlarımzın bir hissəsidir.
Bəli, bayrağımızı bütün dünyaya əzbərlətdirən idmançılarımızla təkcə idman ictimaiyyəti deyil, bütün Azərbaycan xalqı qürur duyur. Əlbəttə ki, nailiyyət, qələbə mütləq qiymətləndirilməli və dəyərini almalıdır. Uğur qazanan idmançılarımızın hər ilin sonunda Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən şəxsən qəbul edilməsi isə onlara verilən ən uca dəyər və qiymətdir. Cənab Prezidentin 2025-ci ilin idman yekunlarına həsr olunmuş görüş zamanı səsləndirdiyi fikirlər tarixi əhəmiyyət daşıyan sözlər idi. Hər bir məsələni xüsusi peşəkarlıqla və məharətlə izah edən Ali Baş Komandan, həm də dünyaya lazımı mesajları verdi. Bu gün ölkəmiz öz Liderinin rəhbərliyi ilə uğurlu inkişaf yolundadır. Bütün sahələr kimi idmanımız da inkişaf edir.
İdman və idmançılar üçün yüksək səviyyəli şərait yaradılır. Yaşadığımız Neftçala rayonunda Ölkə başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə tikilmiş və açılışı edilmiş Olimpiya İdman Kompleksi gənclərimizin idmanın müxtəlif növlərinə olan marağının artmasına səbəb olub. İnanırıq ki, burada da yüksək səviyyəli, Azərbaycanımızı layiqincə təmsil edəcək idmançılar yetişəcəkdir.
Aqşin Hüseynli
Neftçala rayonu
