Hyundai və KIA, elektrikli avtomobilləri robotla şarj edəcək

Hyundai və KIA, elektrikli avtomobilləri robotla şarj edəcək

Fərid Əlizadə · Texnologiya ·

Elektrikli avtomobillərin şarj prosesini asanlaşdıran yeni bir addım atılıb. Hyundai və Kia şirkətləri, avtomobillərin şarjını avtomatlaşdıran robot texnologiyasını təqdim ediblər. Bu yenilik, elektrikli nəqliyyat vasitələrinin istifadəçiləri üçün əhəmiyyətli dərəcədə rahatlıq və səmərəlilik vəd edir.

Redaksiya məlumat verir ki, bu robotik sistem Cənubi Koreyada, İncheon Beynəlxalq Hava Limanında istifadəyə verilib. Sistem, avtomobillərə şarj kabelini özü taxıb çıxaran tək qollu bir robotdan ibarətdir. Robot, avtomobil dayandıqdan sonra şarj portunu avtomatik açır və kabeli təhlükəsiz şəkildə birləşdirir. Şarj tamamlandıqdan sonra isə kabeli çıxarır və port qapağını bağlayır.

Robot, daxili kameralar vasitəsilə avtomobilin şarj girişinin yerini və bucağını hesablayır. Süni intellektlə idarə olunan 3D kamera texnologiyası, park vəziyyəti, portun quruluşu, hava şəraiti, maneələr və kabelin ağırlığı kimi bir çox amili eyni anda analiz edir. Təhlükəsizlik üçün sistemə inteqrasiya edilmiş lazer sensorlu dirək, ətrafdakı maneələri aşkar edərək toqquşmaların qarşısını alır.

Hyundai və Kia, bu sistemi İncheon Beynəlxəq Hava Limanı Şirkəti ilə əməkdaşlıq çərçivəsində qurublar. Hava limanı rəhbərliyi, 2026-cı ilə qədər 1110 şarj qurğusuna çatmağı planlaşdırır və elektrikli xidmət vasitələrinin bu robotlarla şarj edilməsini nəzərdə tutur. Sistem, istifadəçilərdən gələcək rəylərlə daha da təkmilləşdiriləcək. Hyundai və Kia, bu avtomatik şarj texnologiyasını gələcəkdə daha geniş sahələrə yaymağı planlaşdırır.

Bu yenilik, elektrikli avtomobillərin istifadəçiləri üçün şarj prosesini daha rahat və asan edəcək. Texnologiyanın inkişafı, elektrikli nəqliyyat vasitələrinin daha geniş yayılmasına və davamlı nəqliyyat sistemlərinə keçidə töhfə verəcək.

Fərid Əlizadə