Böyük Britaniyanın Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları Agentliyi Hörmüz boğazında bir gəminin naməlum şəxslər tərəfindən ələ keçirildiyini açıqlayıb.
Redaksiya UKMTO-ya istinadla xəbər verir ki, gəmi hazırda İranın ərazi sularına doğru aparılır. Hadisənin hansı bayraq altında üzən gəmi ilə bağlı olduğu və şəxslərin kimliyi hələ açıqlanmayıb.
Agentlik bölgədə fəaliyyət göstərən bütün dəniz nəqliyyatı şirkətlərinə və gəmilərə maksimum ehtiyatlı davranmaq barədə xəbərdarlıq edib. Hadisə ilə bağlı araşdırmanın davam etdiyi bildirilir.
Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur. Son aylarda İran və Qərb ölkələri arasında artan gərginlik fonunda bölgədə dəniz təhlükəsizliyi ilə bağlı risklər də yüksəlib.
Analitiklər hesab edirlər ki, bu cür insidentlər neft bazarlarında yeni qiymət dalğalanmalarına və beynəlxalq gəmiçilik marşrutlarında əlavə təhlükəsizlik tədbirlərinə səbəb ola bilər.
