“Hizbullah” lideri Naim Qasım Livanla İsrail arasında mümkün birbaşa danışıqlara qarşı çıxıb. Qasim bu cür danışıqları qəbul etmədiklərini bildirib və Livan rəhbərliyini bu addımdan geri çəkilməyə çağırıb.
Redaksiya Livan mənbələrinə istinadla xəbər verir ki, Qasım İsraillə birbaşa danışıqların Livanı sabitsizliyə sürükləyən “böyük səhv” olduğunu iddia edib. Onun sözlərinə görə, bu proses nə Livana, nə də mövcud hökumətə fayda verəcək.
“Hizbullah” lideri bildirib ki, danışıqlar aparılacaqsa, bu, birbaşa yox, dolayı formatda olmalıdır. O, həmçinin Livanın maraqlarının xarici təzyiqlərlə deyil, daxili razılaşma əsasında müəyyənləşdirilməli olduğunu vurğulayıb.
Qasim çıxışında İsrailə qarşı “müqavimətin davam edəcəyini” də deyib. O, İsrailin ABŞ dəstəyi ilə “Hizbullah”ı zəiflətmək cəhdlərinin nəticə vermədiyini və təşkilatın geri çəkilməyəcəyini bildirib.
O, Livan xalqının “son qarış torpağa qədər” öz ərazilərinə qayıdacağını iddia edib və İsrailin Livanda daimi qala bilməyəcəyini söyləyib.
