Hindistanın Baş naziri Narendra Modi və Pakistanın Baş naziri Şahbaz Şərif son hərbi gərginlikdən sonra ilk dəfə olaraq Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində bir araya gələcəklər.
Redaksiya xəbər verir ki, sammitdə hər iki liderin iştirakı regionda dialoqun bərpası və gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Hindistan və Pakistan arasında son aylarda baş verən sərhəd insidentləri tərəflər arasında münasibətləri bir daha kəskinləşdirib.
Müşahidəçilər Modi və Şərifin eyni platformada iştirakının gələcəkdə ikitərəfli danışıqlara yol aça biləcəyini bildirirlər. Bununla yanaşı, tərəflərin rəsmi görüş keçirib-keçirməyəcəyi hələlik açıqlanmayıb.
ŞƏT sammitində Rusiya, Çin, Mərkəzi Asiya ölkələri və digər üzv dövlətlərin də liderləri iştirak edəcək. Tədbirin əsas gündəliyini regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və beynəlxalq siyasətdə koordinasiya məsələləri təşkil edəcək.
Sevinc Kərimova
