Hantavirus aşkarlanan MV Hondius kruiz gəmisindən təxliyə edilən britaniyalı sərnişinlər təyyarə ilə İngiltərəyə çatdırılıb.
Redaksiya “The Guardian” və ITV-yə istinadla xəbər verir ki, gəmidə olan 22 Britaniya vətəndaşından 20-si repatriasiya reysi ilə ölkəyə qaytarılıb.
Məlumata görə, həmin şəxslər İngiltərəyə çatdıqdan sonra tibbi nəzarət və izolyasiya üçün Arrowe Park hospitalına yerləşdiriliblər.
Digər iki Britaniya vətəndaşının ikili vətəndaşlığı olduğu və başqa istiqamətə göndərildiyi bildirilir.
ÜST-ün məlumatına görə, MV Hondius gəmisinin təxliyəsinin əsas hissəsi bazar ertəsi axşamadək başa çatdırılmalı idi.
Bununla belə, təxminən 30 ekipaj üzvünün hələlik gəmidə qalacağı bildirilir. Onların vəziyyəti, test nəticələri və sonrakı repatriasiya planı üzrə koordinasiya davam etdirilir.
Gəmidə indiyədək hantavirusla bağlı 8 yoluxma halı qeydə alınıb, hadisə nəticəsində 3 nəfər ölüb. Səhiyyə qurumları ümumi ictimai riskin aşağı olduğunu bildirir.
