Hakan Fidan: İki dövlətli həll qəbul olunarsa, Türkiyə zamin olmağa hazırdır

Hakan Fidan: İki dövlətli həll qəbul olunarsa, Türkiyə zamin olmağa hazırdır

Sevinc Kərimova · Siyasət ·

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin “Ülke TV” kanalına verdiyi müsahibədə Qəzzadakı vəziyyətin “müharibə deyil, soyqırım və qətliam” olduğunu bildirib. O, iki dövlətli həll planı qəbul olunarsa, Türkiyənin bu prosesdə zamin (qarant) rolunu üzərinə götürməyə hazır olduğunu bəyan edib.

Redaksiya xəbər verir ki, Fidan ABŞ Prezidenti Donald Trampın Qəzza üçün “görəv gücü, sülh şurası və sabitlik qüvvəsi” adlı üçtərəfli mexanizm planlaşdırdığını bildirib. Nazir qeyd edib ki, İsrailin hücumları davam edərsə, bu “yalnız İsrailin deyil, bütün bölgənin çökməsi” demək olacaq. O, Qəzzada baş verənlərin “adi müharibə yox, açıq soyqırım” olduğunu vurğulayıb və Qərbin “hələ də əməllərə deyil, əməlləri törədənlərə fokuslandığını” bildirərək bu yanaşmanı sərt tənqid edib.

Fidan əlavə edib: “1940-cı illərdə səhv yanaşırdıq, 2025-ci illərdə də eyni səhvi təkrarlayırıq. Əgər hücumlar dayandırılmazsa, soyqırım davam edəcək. Türkiyə hər kəsi yenidən bir araya gətirməyə və Qəzza üçün hərəkətə keçməyə hazırdır.” Nazir həmçinin İsrailin “əsir məsələsini siyasi alət kimi istifadə etdiyini” deyərək, “Fələstin xalqını aclıqla cəzalandırmaq üçün heç bir səbəb yoxdur” ifadəsini işlədib.

Türkiyənin bölgədəki təsirindən danışan Fidan vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə rəqabət yox, əməkdaşlıq modelini tətbiq edir, və bu, ölkənin sözünün bölgədə niyə bu qədər təsirli olduğunu göstərir.

Suriyadakı vəziyyətə toxunan Fidan, ölkənin “hər sahədə yenidən bərpa olunması üçün çox iş görülməli olduğunu” bildirib. O, bəzi dairələrin “Sünni müsəlmanlar 50 ildən sonra güclənib təhlükə yaradar” düşüncəsini “böyük pislik” adlandırıb və vurğulayıb: “Hər kəs sərhədləri daxilində qalsın. Nə Suriya başqa ölkəyə, nə də başqa ölkə Suriyaya təhdid olsun.”

Miqrantların geri dönüşü məsələsinə toxunan Fidan, Türkiyədən Suriyaya qayıdanların sayının 500 mini keçdiyini xatırladıb. O, Suriyada sabitlik və təhlükəsizlik davam etdikcə geri dönüşlərin artdığını və bu prosesin həm Suriyanın, həm də regionun sosial-iqtisadi sabitliyi üçün vacib olduğunu qeyd edib.

Nazir əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri iyun ayında İstanbulda toplanaraq Qəzza məsələsini müzakirə edəcək.