Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu - FOTOLAR

Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu - FOTOLAR

Aytac Dəniz · Səhiyyə ·

Daşkənddə “Özbəkistan–Azərbaycan” Tibbi Forumunun rəsmi açılışı keçirilib

3 oktyabr 2026-cı il tarixində Daşkənddə “Özbəkistan–Azərbaycan” Tibbi Forumunun rəsmi açılış mərasimi keçirilib. Tədbir III Türkdilli Dövlətlər Kardioloqları Qurultayı və Özbəkistan Kardiologiya Mərkəzinin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq konqres çərçivəsində baş tutub.

Açılış mərasimində Özbəkistan Respublikası Kardiologiya Mərkəzinin direktoru Xurşid Fozilov və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova çıxış edərək Azərbaycan–Özbəkistan arasında səhiyyə və kardiologiya sahəsində əməkdaşlığın inkişafının, elmi və klinik təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Tədbirin xüsusi məqamlarından biri professor Gülnaz Dadaşovanın Azərbaycan və Özbəkistan arasında tibbi və kardioloji əlaqələrin inkişafına verdiyi töhfəyə görə təltif olunması olub.

Forum çərçivəsində azərbaycanlı mütəxəssislərin təqdimatları da böyük maraqla qarşılanıb. Orqan donorluğu və transplantasiya, eləcə də kardio-onkologiya sahələrində təqdim olunan məruzələr iştirakçıların diqqətini cəlb edib və geniş fikir mübadiləsinə səbəb olub.

Azərbaycan nümayəndə heyətinin tərkibində Səhiyyə Nazirliyinin nümayəndələri, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyi və mütəxəssisləri, həmçinin Azərbaycan Tibb Universitetinin həkimləri iştirak ediblər.

“Özbəkistan–Azərbaycan” Tibbi Forumu iki ölkənin səhiyyə mütəxəssisləri arasında elmi-peşəkar əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm platforma olub.