Ağdam və Ağdərə rayonlarının müxtəlif kəndlərində başlayan güclü yanğın hal-hazırda da davam edir. Bu haqda APA məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, yanğınlar əsasən Ağdam rayonunun Əliağalı, Yeni Qaralar, eləcə də Ağdərə rayonunun Sırxavənd və Qazançı kəndlərinin ərazisində qeydə alınıb. Əraziyə dərhal yanğınsöndürən briqadaları cəlb olunub və alovun söndürülməsi istiqamətində operativ tədbirlər görülür.
Yanğın baş verən sahələrdə indiyədək beş partlayış baş verib. Məlumata görə, partlayışların üçü axşam saatlarında, ikisi isə yaxın dəqiqələrdə qeydə alınıb. Partlayışların mina və partlamamış döyüş sursatlarından qaynaqlandığı ehtimal olunur.
Əraziyə 4 xüsusi texnika və 50 nəfərədək şəxsi heyət göndərilib. Hazırda alovun digər ərazilərə keçməsinin qarşısını almaq üçün intensiv işlər aparılır.
Sevinc Kərimova
