Texnologiya nəhəngi Google, süni intellekt sistemlərinin artan enerji tələbatını qarşılayacaq üç yeni nüvə elektrik stansiyasının tikintisinə başlayacağını açıqlayıb.
Redaksiya şirkətə istinadən xəbər verir ki, şirkət, karbon neytral enerji strategiyası çərçivəsində ABŞ-da yerləşəcək bu stansiyaların 2030-cu ilə qədər tam fəaliyyətə başlamasını planlaşdırır. Layihənin məqsədi həm süni intellekt sistemlərinin davamlı şəkildə enerji ilə təmin olunması, həm də karbon emissiyalarının minimuma endirilməsidir.
Google bu addımı, süni intellekt modellərinin — xüsusilə də “Gemini” kimi genişmiqyaslı dil modellərinin — hesablama gücünə olan ehtiyaclarının eksponensial artması ilə izah edir. Şirkət nümayəndələri bildiriblər ki, elektrik istehlakının bu səviyyəsi yalnız etibarlı və davamlı enerji mənbələri ilə qarşılanmalıdır.
Yeni stansiyalar “nüvə təhlükəsizliyi” prinsiplərinə uyğun olaraq dizayn ediləcək və ABŞ-ın Nüvə Tənzimləmə Komissiyasının ciddi nəzarəti altında fəaliyyət göstərəcək. Enerji mütəxəssisləri bu qərarın həm texnoloji, həm də ekoloji cəhətdən dönüş nöqtəsi ola biləcəyini bildirirlər.
Google bu layihə ilə həm süni intellekt sahəsində qlobal liderliyini möhkəmləndirməyi, həm də enerji dayanıqlığını təmin etməyi hədəfləyir.
Fərid Əlizadə
