ABŞ-da azyaşlılara qarşı istismar şəbəkəsi qurmaqda ittiham edilən və həbsxanada ölü tapılan milyarder Cefri Epşteynin yaxın tərəfdaşı hesab olunan Gisleyn Maksvel yenidən gündəmə gəlib. Onun son açıqlamaları həm hüquqi proses, həm də siyasi müstəvidə geniş müzakirələr doğurub.
Redaksiya xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Maksvel ilə federal prokuror Todd Blanş arasında aparılan görüşün protokollarını yayıb. Sənədlərdə Maksvel çoxdan müzakirə olunan “Epşteynin müştəri siyahısı” iddialarını təkzib edərək belə bir siyahının heç vaxt mövcud olmadığını bildirib. O, həmçinin Epşteynin rəsmi məlumatlarda qeyd edildiyi kimi intihar etmədiyini, öldürüldüyünü düşündüyünü bir daha təkrarlayıb.
Maksvel protokollarda ABŞ-ın hazırkı prezidenti Donald Tramp ilə tanışlığını da etiraf edib. Onun sözlərinə görə, Tramp ilə ilk dəfə 1990-cı illərdə atası Robert Maksvel vasitəsilə tanış olub. Atasının Tramp və keçmiş həyat yoldaşı İvana Tramp ilə dost münasibətlərdə olduğunu vurğulayıb.
ABŞ mediası yayımlanan sənədləri siyasi gediş kimi dəyərləndirib. Şərhlərdə bildirilib ki, Ədliyyə Nazirliyinin bu addımı Tramp administrasiyasının daxildəki siyasi təzyiqləri azaltmaq üçün istifadə etdiyi bir vasitədir.
Xatırladaq ki, Gisleyn Maksvel 2021-ci ildə azyaşlıların cinsi istismarı ilə bağlı işdə günahkar bilinərək 20 il həbs cəzasına məhkum olunub. Hazırda onun apellyasiya prosesi davam edir və Maksvel istintaq orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Mütəxəssislər hesab edirlər ki, yayımlanan sənədlər həm Maksvelin müdafiə strategiyasına, həm də ABŞ-da siyasi debatlara uzun müddət təsir göstərəcək.
Sevinc Kərimova
