Gənc mütəxəssislər üçün texnologiya sahəsində iş tapmaq çətinləşir. Son araşdırmalar göstərir ki, bu sahədəki işə qəbullar əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Redaksiya mənbəyə istinadla xəbər verir ki, LinkedIn-in baş iqtisadi imkanlar üzrə direktoru Aneesh Raman "The New York Times" qəzetinə verdiyi açıqlamada, süni intellektin (Sİ) ənənəvi pilləli vəzifələri aradan qaldırması səbəbindən karyera pilləsinin "qırıldığını" bildirib. SignalFire investisiya şirkətinin bu ay dərc etdiyi hesabatına görə, 15 ən böyük texnologiya şirkəti tərəfindən yeni məzunların işə götürülməsi 2019-cu ildən bəri 50%-dən çox azalıb. Pandemiyadan əvvəl məzunlar "Big Tech" şirkətlərinin işə götürdüyü işçilərin 15%-ni təşkil edirdisə, bu rəqəm cəmi 7%-ə düşüb.
Bununla belə, qorxulu başlıqların fonunda müsbət xəbərlər də var. Texnologiya sənayesi əslində kiçilmir, əksinə, texnoloji rollar səhiyyədən maliyyəyə və pərakəndə satışa qədər bütün sahələrə genişlənir. Son tədqiqatlar göstərir ki, texnoloji iş yerlərinin bu il 6 milyondan 2034-cü ilə qədər 7,1 milyona qədər artacağı proqnozlaşdırılır. Hətta indi də proqram tərtibatçıları cəmi 2,2% işsizliklə üzləşirlər ki, bu da ideal olmasa da, ölkə üzrə orta göstəricidən iki dəfə azdır.
Problem ondadır ki, şirkətlər getdikcə daha çox Sİ bacarıqlarına ehtiyac duyurlar. Bir sorğuya görə, işəgötürənlərin 87%-i Sİ təcrübəsinə dəyər verir, eyni zamanda, bütün iş elanlarının təxminən dörddə biri artıq bu bacarıqları tələb edir.
Nəticə etibarı ilə, texnologiya sahəsində karyera qurmaq istəyən gənclər, süni intellekt sahəsində dərin biliklərə yiyələnməli və bu sahədəki dəyişikliklərə hazır olmalıdırlar.
Fərid Əlizadə
