İnternetdə yayılan videolarda Lvov şəhərinə “Oreshnik” adlı ballistik raketlə zərbə endirildiyi iddia olunur. Rusiya tərəfi hücumun həyata keçirildiyini rəsmi şəkildə təsdiqləyib və əməliyyatın Ukraynada müəyyən obyektləri hədəf aldığını bildirib.
Redaksiya məlumat verir ki, Moskva bu zərbəni Kiyevin guya Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum cəhdinə cavab kimi təqdim edib. Rusiya rəsmiləri belə bir hücumun baş verdiyini iddia etsə də, Ukrayna tərəfi bunu təkzib edib və hadisənin reallıqda baş vermədiyini vurğulayıb.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, zərbələr Ukraynanın müdafiə sənayesi ilə əlaqəli pilotsuz uçuş aparatlarının istehsalı və enerji infrastrukturuna yönəlib. Moskva gələcəkdə oxşar hücumların cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.
Ukrayna Hərbi Hava Qüvvələrinin Qərb Komandanlığının məlumatına görə, Lvova endirilən “Oreshnik” ballistik raketi uçuş zamanı saatda təxminən 13 min kilometr sürətə malik olub. Hadisə bölgəsində zərərin miqyası və mümkün itkilərlə bağlı araşdırmalar davam edir.
