ABŞ-da təhlükəli təxribat hadisəsi baş verib – Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patel saxta təcili zəngin hədəfi olub.
Redaksiya xəbər verir ki, insident məşhur podkastçı Co Roqanla aparılan birgə yayım zamanı açıqlanıb. Yayım zamanı Patel, ona məxsus evlə bağlı “təhlükə” barədə bir gün öncə yalan məlumatın daxil olduğunu bildirib və bunun nəticəsində hüquq-mühafizə orqanlarının silahlı qrupları onun ünvanına göndərilib. Belə təxribat üsulu beynəlxalq praktikada “swatting” (saxta təcili zənglə xüsusi təyinatlı qüvvələrin yanlış ünvanlara yönləndirilməsi) kimi tanınır.
Patel yayımda həm şəxsi təhlükəsizliyi, həm də FTB-də şəffaflıq və islahatlarla bağlı gördüyü işlər barədə danışırdı. Hazırda onun fəaliyyəti bir çox dairələr tərəfindən tənqid olunur. Hadisənin məhz bu məqamda baş verməsi təsadüf hesab edilmir və bəzi müşahidəçilər bunu Patelin islahatlara yönəlmiş mövqeyinə qarşı təzyiq kimi qiymətləndirirlər.
FTB 2023-cü ilin ortalarından etibarən bu kimi halları ayrıca bazada toplayır. Mütəxəssislər bildirirlər ki, saxta təcili çağırışlar təkcə həyatlara təhlükə yaratmır, eyni zamanda, dövlət resurslarının israfına və ictimai sabitliyin pozulmasına səbəb olur. 2017-ci ildə Kanzasda baş vermiş oxşar hadisə zamanı günahsız bir vətəndaş – Endryu Finç polis tərəfindən səhvən güllələnərək öldürülmüşdü.
Kaş Patelin evi ilə bağlı hadisə onun təhlükə altında olduğunu və islahat yönümlü ictimai fiqurların necə hədəfə çevrildiyini bir daha göstərdi.
Sevinc Kərimova
