Fransada İslamofobiya əleyhinə etirazlar keçirildi

Fransada İslamofobiya əleyhinə etirazlar keçirildi

Sevinc Kərimova · Dünya ·

Fransada son illərdə müşahidə olunan islamofobiya tendensiyasına qarşı etiraz aksiyaları keçirilib. Bu aksiyalar ölkənin müxtəlif şəhərlərində, xüsusilə də müsəlman icmasının üzvləri tərəfindən təşkil olunub.

Redaksiya xəbər verir ki, etirazların əsas səbəbi aprelin 25-də La Qrand-Kombe şəhərindəki Hatice məscidində müsəlman gənc Aboubakar Kisse-nin bıçaqlanaraq öldürülməsi olub. Bu hadisə Fransa ictimaiyyətində, xüsusilə də müsəlmanlar arasında böyük narazılığa səbəb olub. Parisdəki Bastil meydanında başlayan nümayişdə iştirakçılar Fransa daxili işlər naziri Bruno Retailleau-nun miqrantlara və müsəlmanlara qarşı siyasətini pisləyiblər. Nümayişçilər "İslamofobiya öldürür", "Dövlət və media buna töhfə verir" və "Retailleau, Aboubakarın qanı əllərindədir" kimi şüarlar səsləndiriblər.

Etiraz aksiyalarına radikal solçu "Boyun Əyməyən Fransa" partiyasının lideri Jan-Luk Melençon və deputat Aymerik Karon da qatılıb. Nümayişçilər, həmçinin, məsciddə öldürülən Kisse üçün ədalətin təmin olunmasını tələb ediblər. Aksiyalarda Fələstin bayraqları və kəfiyyələr daşıyan çox sayda insan iştirak edib, İsrailin Qəzzada törətdiyi soyqırıma da etiraz bildirilib.

Qeyd edək ki, Aboubakar Kisse-ni öldürməkdə şübhəli bilinən Olivier H. adlı şəxs hadisədən sonra İtaliyanın Pistoia şəhərinə qaçmış, lakin sonradan polisə təslim olaraq Fransaya ekstradisiyasını qəbul etmişdi. Olivier H. mayın 9-da Fransaya qaytarılıb və həmin gün həbs edilib.

Sevinc Kərimova