Fox News Kiyevi "Rusiya" kimi təqdim etdi – Ukrayna qəzəbləndi

Fox News Kiyevi "Rusiya" kimi təqdim etdi – Ukrayna qəzəbləndi

Sevinc Kərimova · Dünya ·

ABŞ-ın Fox News telekanalı Pravoslav Pasxa bayramı ilə əlaqədar yayımladığı beynəlxalq tədbirlər silsiləsində Ukraynanın paytaxtı Kiyevdə keçirilən dini mərasimi yanlışlıqla "Kiyev, Rusiya" kimi təqdim edib.

Redaksiya Fox News-a istinadən xəbər verir ki, əvvəlcə yayımlanan görüntülərdə Ukrayna Pravoslav Kilsəsinin Kiyevdəki Müqəddəs Mixail Katedralında təşkil etdiyi bayram mərasimi "Kiyev, Ukrayna" olaraq düzgün qeyd edilmişdi. Lakin bir müddət sonra kadr altı yazıda bu ünvan "Kiyev, Rusiya" olaraq dəyişdirildi və xeyli müddət ekranda bu şəkildə qaldı.

Məsələ Ukrayna ictimaiyyətində və mediasında geniş əks-səda doğurub. Ukraynalı rəsmilər bu səhvi informasiya müharibəsi və Rusiya tərəfinin dezinformasiya kampaniyalarının bir hissəsi kimi qiymətləndiriblər.

Bu hadisə, Bloomberg-in bir neçə gün əvvəl yaydığı məlumata əsasən ABŞ-ın Krımın Rusiyanın nəzarətində qalmasını qəbul edə biləcəyi ehtimalı ilə bağlı sızan xəbərlər fonunda baş verib. Sözügedən kontekst Fox News-un bu yanlış təqdimatını daha da diqqət mərkəzinə gətirib.

Ukrayna mediası məsələ ilə bağlı rəsmi üzrxahlıq və düzəliş gözləyir. Eyni zamanda, Kiyevin beynəlxalq tərəfdaşlardan informasiya sahəsində dəstək gözlədiyi vurğulanır.

Sevinc Kərimova