FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Aytac Dəniz · Hava ·

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Redaksiya xəbər verir ki, xəbərdarlıqda deyilir:

"Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, o cümlədən ayrı-ayrı yerlərdə intensiv yağış yağır, arabir güclənən külək əsir və şimşək çaxır. Belə hava şəraitinin sabahadək davam edəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, FHN bir daha əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarını təkrar xatırladır.

Belə ki, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Eləcə də kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilib".