Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Danışıq zamanı iki ölkənin liderləri bölgədəki son hadisələri, xüsusilə də ötən gecədən etibarən İranla əlaqədar elan edilmiş atəşkəs mövzusunu geniş müzakirə ediblər.
Redaksiya xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan atəşkəsdən məmnunluğunu ifadə edib. O, həmçinin bildirib ki, bütün dünya üçün xüsusilə çətin və problemli keçən 40 gündən sonra yaranan iki həftəlik fürsət daimi sülh sazişi üçün yaxşı dəyərləndirilməli və proses sabotaj edilməməlidir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, bu dövr regionda sabitliyin təmin edilməsi üçün son dərəcə əhəmiyyətlidir. O, əldə olunan irəliləyişlərin qorunmasının və sülh danışıqlarının davamlılığının vacibliyini xüsusi qeyd edib.
Prezident Ərdoğan, Türkiyənin dost və qardaş ölkələr, xüsusilə Pakistan ilə birlikdə aparılan həll səylərinə dəstəyinin artmaqda davam edəcəyini diqqətə çatdırıb. Bu dəstəyin bölgədəki münaqişələrin həllinə və sülhün bərqərar olmasına töhfə verəcəyini əlavə edib.
