Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxış edərək Fələstin məsələsinə dair sərt mesajlar verib. O, Qəzzada davam edən hadisələri soyqırımı adlandıraraq, bütün ölkələri Fələstini dövlət olaraq tanımağa çağırıb.
Redaksiya xəbər verir ki, Ərdoğan çıxışına “bu tribunada səsi boğulan fələstinli qardaş və bacılarımız üçün dayanıram” sözləri ilə başlayıb. O, artıq 700 gündən çoxdur Qəzzada soyqırımın davam etdiyini, son 23 ay ərzində hər saat bir uşağın İsrail tərəfindən öldürüldüyünü bildirib. Ərdoğan 428 nəfərin aclıqdan həlak olduğunu, onların 146-sının uşaq olduğunu vurğulayıb və BMT tribunasından Qəzzadakı faciəni əks etdirən fotoları nümayiş etdirib.
Türkiyə Prezidenti Qəzzada baş verənləri “insanlığın ən aşağı nöqtəsi” adlandıraraq, “burada müharibə yoxdur, tərəflər yoxdur – bir tərəfdə müasir silahlarla təchiz olunmuş ordu, digər tərəfdə isə günahsız uşaqlar və mülki insanlar var” deyib. O, İsrailin hərəkətlərini “işğal, deportasiya, sürgün, soyqırımı və kütləvi dağıntı” kimi dəyərləndirib.
Ərdoğan İsrailin təkcə Qəzzə və İordan çayının Qərb sahili ilə kifayətlənmədiyini, Suriya, Yəmən, İran və Livana qarşı hücumlarla region sülhünü də təhdid etdiyini söyləyib. O, Qətərə hücumu İsrail rəhbərliyinin nəzarətdən çıxdığının sübutu adlandırıb.
Türkiyə Prezidenti çıxışında həmçinin İsrail hökumətinin siyasətinin antisemitizmi qızışdırdığını, sükut edənlərin isə bu barbarlığa ortaq olduğunu bildirib.
Ərdoğan regional məsələlərə də toxunaraq, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin plan üzrə davam etdiyini, Kiprdə isə iki ayrı dövlət və iki xalqın mövcud olduğunu vurğulayıb.
O, çıxışını məşhur “dünya beşdən böyükdür” şüarı ilə tamamlayaraq, “daha ədalətli bir dünya mümkündür, Türkiyə bunun uğrunda mübarizəsini davam etdirəcək” sözlərini səsləndirib.
