Əraqçi İstanbulda danışdı – Təfərrüatlar

Əraqçi İstanbulda danışdı – Təfərrüatlar

Sevinc Kərimova · Siyasət ·

ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumdan sonra İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda təcili mətbuat konfransı keçirib. O, hücumları sərt şəkildə qınayıb və regionun gələcəyinə dair kəskin mesajlar verib.

Redaksiya xəbər verir ki, Əraqçi çıxışına ABŞ prezidenti Donald Trampın siyasətini tənqid etməklə başlayıb:
Tramp bu bölgədə sonsuz müharibələrə son verəcəyinə söz verərək seçildi. Amma İran xalqına xəyanət etdi və xalqların torpaqlarını, sərvətlərini İsrailin maraqları üçün istifadə edən bir cinayətkarın arzularına tabe oldu.

Nazir bildirib ki, İran bu hücumlara qarşı səssiz qalmayacaq:
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını təcili iclasa çağırırıq. Beynəlxalq Atom Enerjisi Agentliyini isə sülhməramlı nüvə obyektlərimizə qarşı həyata keçirilən bu ağır hücumla bağlı hüquqi məsuliyyətini yerinə yetirməyə çağırırıq. İranın BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə haqqı var. Bütün variantlar masadadır.

Əraqçi əlavə edib ki, diplomatiya qapısı həmişə açıq qalmalıdır, lakin hazırkı vəziyyətdə bunun mümkün olmadığını deyib:
Hücuma məruz qalmışıq və qanuni müdafiə çərçivəsində cavab vermək məcburiyyətindəyik. ABŞ ilə danışıqlar davam etdiyi vaxtda hücumu İsrail başlatdı. Avropa ilə görüşlərimiz gedərkən bu dəfə ABŞ prosesi pozdu.

Nazir hücumun diplomatik prosesi çıxılmaz vəziyyətə saldığını bildirib:
ABŞ və İsrail nüvə obyektlərimizə hücum etməklə böyük bir qırmızı xətti keçdilər. Müzakirə üçün hansı yolun qaldığını bilmirəm. Tramp administrasiyası yeni hücumlarla hədələyir. Beynəlxalq ictimaiyyət qlobal təhlükəsizliyi qorumaq üçün hərəkətə keçməlidir.

Əraqçi çıxışının sonunda İranın hansı formada cavab verəcəyini açıqlamayacaqlarını vurğulayıb və sabah Rusiya prezidenti Vladimir Putin ilə görüş keçirəcəyini bildirib:
Dost ölkə olaraq daim koordinasiya və məsləhətləşmə halındayıq.

Sevinc Kərimova