İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin nüvə proqramı və bölgədəki gərginliklərlə bağlı bir sıra sərt və prinsipial açıqlamalar verib. O bəyan edib ki, İranın nüvə proqramı tamamilə dinc məqsədlərə xidmət edir və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətinə tam açıqdır.
Redaksiya xəbər verir ki, Əraqçi İsrailin davam edən hərbi hücumlarına toxunaraq bildirib: “İsrailin hücumları davam etdiyi müddətcə heç bir tərəflə müzakirə aparılmayacaq. Danışıqlar yalnız o zaman bərpa oluna bilər ki, İsrailin təcavüzkar hərəkətləri dayansın və məsul şəxslər öz əməllərinə görə cavab versinlər.”
Nazir həmçinin vurğulayıb ki, İran Avropa ölkələrinə raket proqramını heç bir halda müzakirəyə açmayacağını rəsmi şəkildə bildirib. “Raket qabiliyyətimiz müzakirə mövzusu deyil,” – deyə o əlavə edib.
Əraqçi, ABŞ-la bağlı inamsızlığı da ifadə edərək bildirib: “Amerikalılara necə güvənə biləcəyimizi bilmirik.” CNN International-a danışan İran rəsmisi isə qeyd edib ki, İran uranın zənginləşdirilməsini dayandırmağı qəbul etməyib və bunun onlar üçün aydın və dəyişməz bir “qırmızı xətt” olduğunu bəyan edib.
Sevinc Kərimova
