Cinsi istismar və insan alveri ilə bağlı ittihamlarla həbsdə olarkən həyatını itirən Ceffri Epşteynə 2003-cü ildə hazırlanan doğum günü dəftərində sabiq ABŞ prezidenti Bill Klintonun əl yazısı ilə yazılmış bir mesajın olduğu üzə çıxıb.
Redaksiya xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” yayıb. Nəşrin əldə etdiyi sənədlərə görə, doğum günü dəftəri Epşteynin həmin dövrdəki yaxın münasibətdə olduğu Qislaine Maksvell tərəfindən hazırlanıb və içində müxtəlif tanınmış şəxslərin şəxsi məktubları yer alıb.
Klintonun mesajı əl yazısı ilə yazılmış qısa bir paraqrafdan ibarətdir. Orada Epşteynin illər ərzində qoruduğu maraq duyğusu və fərq yaratmaq istəyi təriflənir:
“Öyrənmək və bilmək, macəralarla dolu keçmiş illər boyu bu qədər uzun müddət davam gətirmək, üstəlik uşaqsayağı marağını, dəyişiklik yaratmaq arzusunu və dostlarına təsəlli vermək qabiliyyətini qorumaq – bu, inam doğurmurmu?”
Klintonun sözçüsü bu mesajla bağlı açıqlama verməkdən imtina edib, lakin daha əvvəl yayımlanmış bəyanatı təkrar edib: Klintonun Epşteynlə münasibətləri 2019-cu ildəki həbsi ilə bağlı deyil və o, bu cinayətlərdən xəbərsiz olub.
Tramp tərəfi iddiaları rədd edir
“The Wall Street Journal” dəftərdə təxminən 60 nəfərin məktubunun yer aldığını bildirir. Adları çəkilən şəxslər arasında Donald Tramp, moda dizayneri Vera Vanq, sərmayəçi Leon Black və media maqnatı Mort Zuckerman da var. Lakin Trampın sözçüsü Karoline Leavitt bu məlumatı yalanlayaraq bildirib: “Prezidentin heç vaxt yazmadığı bir məktub haqqında WSJ tərəfindən uydurulmuş xəbərdir.”
Epşteyn işləri yenidən gündəmdədir
Ceffri Epşteyn 18 yaşdan kiçik çoxsaylı qız uşaqlarını cinsi istismarda ittiham olunaraq həbsə atılmışdı və 2019-cu ildə Nyu-Yorkdakı Manhetten həbsxanasında ölü tapılmışdı. Rəsmi açıqlamaya görə, ölüm səbəbi intihar olub. Lakin ictimaiyyətin bir hissəsi bunun ört-basdır edilən bir sui-qəsd olduğunu iddia edir.
WSJ həmçinin daha əvvəl Epşteyn sənədlərində adı hallanan Prins Endryu, Kevin Speysi, Alan Derşovits və David Koperfild kimi şəxsləri də xatırladıb. Hazırkı istintaqlarda onun “müştəri siyahısı”na dair hələ də konkret sübut əldə olunmayıb.
Kənan Cəlilov
