


Mütəxəssislərin apardığı yoxlamalar Elon Maskın yaratdığı Grok sisteminin istifadəçilərə aid şəxsi məlumatları dəqiqliklə aşkara çıxara bilməsini üzə çıxarıb. Sınaqlar göstərib ki, çata göndərilən sorğular nəticəsində xidmət bir sıra hallarda aktual ünvan və digər şəxsi məlumatları olduğu kimi təqdim edib.
Redaksiya xəbər verir ki, ekspertlər 33 sorğu üzrə apardıqları testlərdə Grokun 10 halda tam dəqiq və hazırkı məlumatları açıqladığını, digər hallarda isə köhnəlmiş olsa da, gerçək ünvan və şəxsi məlumatları təqdim etdiyini müəyyən ediblər. Bu məlumatlara yaşayış yeri, mənzil nömrəsi, əlaqə vasitələri, iş yeri və oxşar adlara malik şəxslərin siyahıları da daxil olub.
Mütəxəssislər bildirirlər ki, digər geniş yayılmış süni intellekt sistemləri məxfiliyə istinad edərək belə məlumatları açıqlamaqdan imtina etdiyi halda, Grokun nəticələri filtrsiz və nəzarətsiz şəkildə təqdim etməsi ciddi narahatlıq doğurur. İstənilən şəxsin bu yolla başqasının məlumatlarını əldə etməsi təhlükəsizlik və məxfilik baxımından yeni risklər yaradır.
Məhz bu səbəbdən ekspertlər Grok sisteminin fəaliyyət prinsiplərinin yenidən qiymətləndirilməsini və məxfilik standartlarının sərtləşdirilməsini zəruri hesab edirlər.
