Uşaq istismarı şəbəkəsi qurmaqda ittiham olunan və türmə kamerasında özünü asaraq öldürən milyarder Cefri Epşteynin beynəlxalq siyasət və texnologiya çevrələri ilə gizli əlaqələri üzə çıxıb. Sızdırılan elektron məktublar, sabiq İsrail Baş naziri Ehud Barakla münasibətlərini, Piter Til görüşlərini və Rusiya təmaslarını nümayiş etdirib.
Redaksiya xəbər verir ki, mayın 2025-də Distributed Denial of Secrets adlı platformada yayımlanan və fələstinli “Handala” haker qrupu tərəfindən əldə olunduğu iddia edilən sənədlər, Epşteynin 2010-cu illərdə müşahidə texnologiyaları sahəsinə sərmayə planlarını ifşa edib. Baraka aid elektron poçt qutularından götürüldüyü deyilən məktublarda 2014–2016-cı illərdə texnologiya, kəşfiyyat və beynəlxalq siyasət dairələri ilə qurulan əlaqələr təsbit olunub.
Epşteyn 2015-ci ildə Barak vasitəsilə Reporty Homeland Security (indiki Carbyne) layihəsinə sərmayə yatırıb. Layihənin təsisçilərindən biri İsrailin kiberkəşfiyyat bölməsi Unit 8200-ün sabiq rəhbəri Pinxas Buxris idi. Məktublarda Epşteynin Barakı Palantirin təsisçisi Piter Tillə tanış etməyə çalışdığı və Reporty layihəsini onun sərmayə fonduna təqdim etdiyi görünür.
E-poçt yazışmaları həmçinin Epşteynin Rusiya iqtisadi dairələri ilə də təmas qurduğunu göstərir. O, Barakı Rusiya İqtisadi İnkişaf nazirinin müavini Sergey Belyakov və Putinə yaxın iş adamı Viktor Vekselberqlə görüşdürməyə cəhd edib. 2015-ci ildə isə Sankt-Peterburq İqtisadi Forumuna dəvət məsələsi gündəmə gəlib.
Epşteyn yalnız ABŞ və Rusiya ilə deyil, Çin və Böyük Britaniya vasitəsilə də təhlükəsizlik şirkətləri və müşahidə texnologiyalarına sərmayə yatırmaq imkanlarını dəyərləndirib. Barak isə 2019-cu ildən etibarən əməkdaşlığı dayandırdığını açıqlasa da, sənədlər onun Epşteynin investor dairələrində mühüm rol oynadığını göstərir.
Sızdırılan sənədlər Epşteynin təkcə cinsi cinayətlər deyil, həm də beynəlxalq təhlükəsizlik texnologiyaları və maliyyə dairələrində gizli təsir qurmağa çalışdığını sübut edir.
Sevinc Kərimova





