DVX rəqəmsallaşma və süni intellekt vasitəsilə vergi nəzarətini gücləndirir

DVX rəqəmsallaşma və süni intellekt vasitəsilə vergi nəzarətini gücləndirir

Aytac Dəniz · İqtisadiyyat ·

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva “Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens” konfransı çərçivəsində keçirilən “Biznes mühitində şəffaflığın gücləndirilməsi” adlı paneldə çıxış edib.

Samirə Musayeva vergi inzibatçılığında şəffaflığın artırılması, könüllü vergi əməletməsinin təşviqi, rəqəmsal həllərin tətbiqi və risklərin vaxtında müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, müasir vergi inzibatçılığının əsas hədəflərindən biri biznes əməliyyatlarının vaxtında və düzgün təhlili, effektiv nəzarət mexanizmlərinin qurulması və sahibkarların vergi öhdəliklərini könüllü yerinə yetirməsi üçün əlverişli şəraitin yaradılmasıdır.

DVX-nin rəis müavini qeyd edib ki, 2019-cu ildən etibarən iqtisadi fəaliyyətin şəffaflaşdırılması və biznes subyektlərində şəffaf əməliyyatların təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu prosesin nəticələri əlavə dəyər vergisi (ƏDV) boşluğu üzrə göstəricilərdə də müsbət dinamika ilə müşayiət olunur. Müvafiq dəyişikliklər həm daxili, həm də beynəlxalq standartlara cavab verən metodologiyalar əsasında mütəmadi qiymətləndirilir. Vergi ödəyicilərinin fəaliyyətində şəffaflığın əsas göstəricilərinə toxunan Samirə Musayeva bildirib ki, dövlət büdcəsinə ödənilən vergilərin 92,6 faizi könüllü şəkildə bəyan olunur, 3 milyondan çox vergi bəyannaməsinin 85 faizi vaxtında təqdim edilir. Elektron qaimə-fakturaların qarşılıqlı tətbiqi və nəzarət-kassa aparatlarından (NKA) istifadə dinamikası da şəffaflığın qiymətləndirilməsində mühüm göstəricilərdir.

Bu nəticələrin əldə olunmasında vergi öhdəliklərinin yerinə yetirilməsinin sadələşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi, elektron qaimə-faktura və elektron alış aktlarının tətbiqi, bəyannamələrin elektron təqdim edilməsi və məsafədən ödəniş imkanlarının yaradılması mühüm rol oynayır.

Samirə Musayeva vurğulayıb ki, şəffaf biznes mühitinin formalaşması yalnız vergi orqanlarının nəzarətindən deyil, həm də sahibkarların öz fəaliyyətlərində komplayens prinsiplərinə əməl etməsindən və etibarlı tərəfdaşlarla əməkdaşlıq qurmasından asılıdır.

Ötən il istifadəyə verilmiş “Kontragentini tanı” elektron xidməti sahibkarlara potensial biznes tərəfdaşları barədə məlumat əldə etmək, onların iqtisadi resurslarını, işçi qüvvəsini, təcrübəsini və vergi öhdəliklərinə əməl etmə tarixçəsini qiymətləndirmək imkanı yaradır. Bu, əməliyyat risklərinin əvvəlcədən müəyyənləşdirilməsinə və biznes qərarlarının daha əsaslı qəbul edilməsinə xidmət edir.

“ƏDV geri al” mexanizmi və istehlakçıların NKA çeklərini tələb etməsi mədəniyyəti də ictimai nəzarətin gücləndirilməsinə, vergi və hesabatlılıq mədəniyyətinin formalaşmasına töhfə verir. Vergi öhdəliklərinə düzgün əməl olunması müəssisələrin nüfuzunun qorunması, sağlam rəqabət mühitinin dəstəklənməsi və qanunvericiliklə müəyyən edilmiş imkanlardan yararlanması baxımından əhəmiyyətlidir.

Vergi inzibatçılığının qarşıdakı inkişaf istiqamətlərinə toxunan Samirə Musayeva bildirib ki, biznes əməliyyatlarının həcminin və məlumat axınlarının sürətlə artdığı şəraitdə rəqəmsal texnologiyaların və süni intellekt həllərinin tətbiqi vergi nəzarətinin səmərəliliyinin artırılması üçün xüsusi əhəmiyyət daşıyır.

DVX-nin rəis müavini qeyd edib ki, ötən il 3 milyondan çox elektron bəyannamə ilə yanaşı, xeyli sayda elektron qaimə-faktura, elektron alış aktı, bank əməliyyatı və gömrük bəyannaməsi üzrə məlumat emal edilib. Bu məlumatların operativ təhlili, risklərin vaxtında müəyyənləşdirilməsi və nəzarət tədbirlərinin daha dəqiq hədəflənməsi məqsədilə DVX-də Data analitika, eləcə də Strateji planlaşdırma və təşkilati risklərin idarə edilməsi üzrə struktur bölmələri yaradılıb.

Vergi yoxlamalarında inventarizasiya nəticələrinin avtomatlaşdırılması artıq praktiki səmərə verib. Belə ki, bu yanaşma yoxlamalara sərf olunan vaxtın 7–9 həftə azaldılmasına imkan yaradıb.

Gələcək mərhələdə NKA-lara daxil edilən məlumatların süni intellekt vasitəsilə analitik emalı və risklərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, NKA çekləri, yük-gömrük bəyannamələri və elektron qaimə-fakturalarda malların müxtəlif adlarla göstərilməsi hallarının təhlili planlaşdırılır. Bu yanaşma məlumatlar arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsinə və risklərin daha dəqiq qiymətləndirilməsinə kömək edəcək.

Vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasının əsas göstəricilərindən birinin vergilərin könüllü ödənilməsi olduğunu vurğulayan Samirə Musayeva elektron xidmətlərin genişləndirilməsi istiqamətində növbəti addımları da açıqlayıb. Bildirib ki, sadələşdirilmiş vergi ödəyiciləri üçün tətbiq edilən bəyannamələrin öncədən doldurulması təcrübəsindən sonra yaxın gələcəkdə ƏDV bəyannamələrinin də əvvəlcədən doldurulması xidmətinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu yenilik vergi hesabatlarının hazırlanmasını asanlaşdırmağa, inzibati yükü azaltmağa və könüllü əməletməni təşviq etməyə xidmət edəcək.

Samirə Musayeva əmək gəlirlərinin şəffaflaşdırılması istiqamətində 2019-cu ildən həyata keçirilən tədbirlərin müsbət nəticələr verdiyini də qeyd edib. Onun sözlərinə görə, qeyri-neft sektorunda əmək müqavilələrinin sayı dövlət sektorundakı göstəricini üstələyib.

DVX-nın rəis müavini şəffaf fəaliyyət göstərən, vergi öhdəliklərinə məsuliyyətlə yanaşan və daxili komplayens sistemlərini inkişaf etdirən sahibkarlara təşəkkür edib, dövlət - biznes əməkdaşlığının şəffaf və dayanıqlı iqtisadi mühitin formalaşmasında əhəmiyyətini vurğulayıb.