Dövlətlərdən İsrailə bölgəyə müstəqil xarici medianın girişinə icazə verilməsi çağırışı

Dövlətlərdən İsrailə bölgəyə müstəqil xarici medianın girişinə icazə verilməsi çağırışı

Sevinc Kərimova · Dünya ·

Qəzzada davam edən humanitar fəlakət fonunda Media Freedom Coalition üzvü olan dövlətlər İsraildən bölgəyə dərhal müstəqil xarici medianın girişinə icazə verilməsini və jurnalistlərin təhlükəsizliyinin təmin olunmasını tələb ediblər.

Redaksiya xəbər verir ki, birgə bəyanatda jurnalist və media işçilərinin müharibənin dəhşətli reallığını işıqlandırmaqda mühüm rol oynadığı vurğulanır. Bildirilir ki, münaqişə zonalarına çıxışın məhdudlaşdırılması və medianın qarşısının alınması qəbuledilməzdir.

Bəyanatda jurnalistlərə qarşı yönəlmiş zorakılıqlar, xüsusilə çoxsaylı həlak olma halları, həbslər və saxlanmalar qətiyyətlə pislənib. İsrail hakimiyyətindən və digər tərəflərdən Qəzza, İsrail, İordan çayının Qərb sahili və Şərqi Qüdsdə fəaliyyət göstərən yerli və xarici media işçilərinin azad və təhlükəsiz fəaliyyətinə şərait yaradılması tələb olunub. Qəsdən jurnalistlərin hədəfə alınmasının yolverilməz olduğu vurğulanaraq, beynəlxalq humanitar hüququn silahlı münaqişələr zamanı mülki jurnalistləri qoruduğu xatırladılıb. Hücumların araşdırılması və məsul şəxslərin milli və beynəlxalq qanunlara uyğun mühakimə olunması çağırışı da edilib.

Sənəddə həmçinin dərhal atəşkəsin elan edilməsi, qalan girovların qeyd-şərtsiz azad olunması, humanitar yardımın maneəsiz çatdırılması və iki dövlətli həll yolu əsasında uzunmüddətli sülh və təhlükəsizliyə aparan yolun açılması tələbi bir daha səsləndirilib.

Bəyanata imza atan ölkələr: Avstraliya, Avstriya, Belçika, Çili, Danimarka, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Litva, Portuqaliya, Syerra Leone, Slovakiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Lüksemburq, Yeni Zelandiya, Norveç, Sloveniya, İsveç, İsveçrə, Ukrayna, Niderland və Birləşmiş Krallıq.

Sevinc Kərimova