Polşanın Baş naziri Donald Tusk ölkəsinin ABŞ ilə münasibətlərinə dair prinsipial mövqeyini açıqlayıb. O bildirib ki, Polşa keçmişdə olduğu kimi hazırda da və gələcəkdə də ABŞ-nin sadiq və proqnozlaşdırılan müttəfiqi olaraq qalacaq.
Redaksiya xəbər verir ki, Tusk çıxışında vurğulayıb: “Polşa olub, var və olacaq – ABŞ-nin sadiq, proqnozlaşdırılan müttəfiqi.” Bununla yanaşı, o qeyd edib ki, Polşa heç vaxt vassal dövlət olmayacaq və milli maraqlarını qorumaqda qətiyyətlidir.
Baş nazir əlavə edib ki, ABŞ ilə münasibətləri risk altına atan hər kəs Polşanın təhlükəsizlik əsaslarını da təhlükə altına qoyur. Onun sözlərinə görə, Varşava üçün Vaşinqtonla strateji tərəfdaşlıq milli müdafiə və təhlükəsizlik sisteminin əsas sütunlarından biridir.
Eyni zamanda Tusk vurğulayıb ki, sədaqət qulluqçuluq demək deyil. O bildirib ki, Polşa müttəfiqlik münasibətlərini qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında qurur və bu mövqe dəyişməz olaraq qalacaq.
