ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı geniş çıxış edərək əməliyyatı İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyaslı hərbi hücum kimi xarakterizə edib. O bildirib ki, Karakasın mərkəzində yerləşən güclü hərbi obyektə yönəlmiş bu əməliyyat nəticəsində Maduro gecə saatlarında saxlanılıb.
Redaksiya xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çıxışında Venesuela ordusunun bütün imkanlarının zərərsizləşdirildiyini, ABŞ hərbçiləri və hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində Maduronun itkisiz ələ keçirildiyini vurğulayıb. Trampın sözlərinə görə, əməliyyat zamanı Karakasda işıqlar söndürülüb və ABŞ hərbi üstünlüyü tam təmin olunub.
Tramp həmçinin ABŞ-ın müvəqqəti olaraq Venesuelanı idarə edəcəyini, ölkədə təhlükəsiz və sabit keçid təmin olunana qədər prosesə nəzarət edəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın iri neft şirkətləri Venesuelanın dağılmış neft infrastrukturunun bərpasına milyardlarla dollar sərmayə qoyacaq və bu addımlar ölkə iqtisadiyyatının dirçəldilməsinə yönələcək.
ABŞ prezidenti Donald Tramp əlavə edib ki, Maduro və həyat yoldaşı ABŞ ədaləti qarşısında cavab verəcək və ABŞ ərazisində məhkəmə olunacaq. O, ABŞ-ın Qərb yarımkürəsində hərbi və siyasi üstünlüyünün sual altına alınmayacağını, lazım gələrsə daha genişmiqyaslı əməliyyatlara da hazır olduqlarını bildirib.
