İngiltərədə fermasında itirdiyi çəkici tapmaq istəyən bir fermer metal detektoru olan dostundan kömək istəyib.
Redaksiya.az ENSONHABER.COM-a istinadən məlumat verir ki, detektordan gələn güclü siqnal torpağın altında gizlənmiş böyük bir xəzinəyə işarə edib.
Əvvəlcə bir neçə gümüş qaşıq tapan qrup qazıntını davam etdirdikcə qızıl zinət əşyaları, gümüş məmulatlar və yüzlərlə deyil, minlərlə qədim sikkə ilə qarşılaşıb.
Hadisə barədə aidiyyəti qurumlara məlumat verildikdən sonra ərazidə peşəkar arxeoloqlar tərəfindən genişmiqyaslı qazıntılara başlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, tapılan xəzinə Roma İmperiyasının Britaniyadakı son dövrlərinə aiddir.
Qazıntılar zamanı 15 mindən çox qızıl, gümüş və bürünc sikkə, həmçinin qızıl üzüklər, boyunbağılar, bilərziklər, qaşıqlar və müxtəlif qiymətli əşyalar üzə çıxarılıb. Mütəxəssislərin sözlərinə görə, bu kolleksiya indiyədək Böyük Britaniyada aşkar edilmiş ən böyük və ən yaxşı qorunmuş Roma xəzinələrindən biri hesab olunur.
Tədqiqatçılar hesab edirlər ki, xəzinə təxminən eramızın V əsrinin əvvəllərində, Roma hakimiyyətinin Britaniyadan geri çəkilməyə başladığı qarışıq dövrdə torpağa basdırılıb.
Güman edilir ki, qiymətli əşyalar həmin dövrün təhlükələrindən qorunmaq üçün gizlədilib, lakin sahibləri onları geri götürməyə heç vaxt qayıda bilməyiblər.
Aşkarlanan bütün tarixi artefaktlar elmi araşdırmaya cəlb olunub, daha sonra isə qorunması üçün muzeyə təhvil verilib.
