Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes X sosial şəbəkəsində paylaşım edərək bu platforma vasitəsilə yenidən ictimaiyyətlə əlaqə qurduğunu bəyan edib. O, ölkədəki mövcud vəziyyətə dair mesajında Venesuelanın möhkəm dayandığını və tarixi şüur əsasında idarə olunduğunu vurğulayıb.
Redaksiya xəbər verir ki, Delsi Rodriqes paylaşımında kommunikasiya fəaliyyətinin məhz bu kanal üzərindən bərpa edildiyini bildirib və bunun siyasi və ictimai əhəmiyyət daşıdığını qeyd edib.
Xatırladaq ki, 2024-cü ildə Venesuelada X platformasına giriş qadağan edilmişdi. Həmin qərar hökumətlə platforma rəhbərliyi arasında artan gərginlik fonunda qəbul olunmuşdu.
Məlumata görə, qadağa Venesuela hakimiyyəti ilə iş adamı İlon Mask arasında yaranmış siyasi və informasiya xarakterli ziddiyyətlərlə əlaqələndirilirdi. Delsi Rodriqesin son açıqlaması bu kontekstdə diqqətçəkən addım kimi qiymətləndirilir.
