Google DeepMind-in baş icraçı direktoru Demis Hassabis Davosda keçirilən Dünya İqtisadi Forumunda OpenAI-nin ChatGPT platformasında reklamları bu qədər erkən sınaqdan keçirməsinə təəccübləndiyini bildirib. Onun sözlərinə görə, bu addım gözlənilməzdir və bazarda diqqət çəkən bir qərar kimi qiymətləndirilir.
Redaksiya Times of India istinadla xəbər verir ki, Demis Hassabis jurnalistlərə açıqlamasında OpenAI-nin gəlirlərini artırmaq üçün təzyiq hiss etdiyini deyib və əlavə edib ki, Google-un Gemini platformasında reklam yerləşdirilməsi ilə bağlı heç bir plan yoxdur. Bu açıqlamalar OpenAI-nin ChatGPT-nin pulsuz və Go tariflərində reklamları test edəcəyini elan etməsindən bir neçə gün sonra səsləndirilib.
Məlumata görə, OpenAI mümkün IPO-ya 2027-ci ildə, təxminən 830 milyard dollar dəyər qiymətləndirməsi ilə hazırlaşır. Lakin şirkətin maliyyə vəziyyəti ciddi müzakirələrə səbəb olur. Belə ki, OpenAI 2025-ci ildə 13 milyard dollar gəlir əldə etsə də, eyni dövrdə 8 milyard dollar vəsait itirib. Deutsche Bank-ın proqnozuna əsasən, şirkət mənfəətə çatana qədər ümumilikdə 143 milyard dollar zərər edə bilər. İnvestor Corc Nobl isə OpenAI-nin yüksək qiymətləndirilməsinə baxmayaraq, “real vaxtda dağılmaqda” olduğunu iddia edib.
Ekspertlər hesab edirlər ki, Demis Hassabisin açıq şəkildə OpenAI-nin strategiyasını sual altına alması nadir haldır, çünki Google və OpenAI birbaşa rəqib olsalar da, şirkət rəhbərləri adətən bir-birinin biznes qərarlarını açıq şəkildə tənqid etmirlər. “Çox erkən” ifadəsi OpenAI-nnin gəlirə ciddi ehtiyac duyduğunu göstərir və reklamların abunə gəlirlərinin xərcləri ödəməməsindən sonra gündəmə gəlməsi strategiyadan çox zəiflik kimi qiymətləndirilir.
Bu fonda Gemini platformasının reklamsız qalması Google üçün üstünlük kimi təqdim olunur. Hassabis bu mövqeyi ilə Google-un reklamdan asılı olmayan, dayanıqlı biznes modelinə malik olduğunu vurğulayır və bununla da OpenAI-nin maliyyə durumuna dolayı zərbə vurur. Analitiklər qeyd edirlər ki, OpenAI-nin IPO planları üçün əsas şərt gəlirliliyə gedən aydın yolun göstərilməsidir və milyardlarla dollar zərər fonunda reklamların əlavə edilməsi bazara ziddiyyətli siqnallar ötürür.
