Daşkəsən dəmir filizi layihəsi üzrə ilk istehsalın 2030-cu ildə başlanması planlaşdırılır

Daşkəsən dəmir filizi layihəsi üzrə ilk istehsalın 2030-cu ildə başlanması planlaşdırılır

Aytac Dəniz · İqtisadiyyat ·

Daşkəsən dəmir filizi layihəsi üzrə ilk istehsalın 2030-cu ildə başlanması nəzərdə tutulur. Mədən, zənginləşdirmə, boru kəməri, pellet və İsti Briketlənmiş Dəmir – İBD zavodlarını əhatə edən layihə üzrə 20 illik istismar dövründə 40 milyon ton İBD məhsulunun istehsalı planlaşdırılır.

Bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov brifinqdə deyib.

Z.İbrahimov bildirib ki, layihənin iqtisadi dəyəri 24 milyard manat, tələb olunan investisiya həcmi isə 1,95 milyard manatdır: “Layihənin maliyyələşdirilməsi dövlət büdcəsi, borc vəsaitləri və investorların iştirakı hesabına təmin ediləcək. Layihəyə əsasən, Daşkəsən mədənindən çıxarılan filiz ilk mərhələdə mədənin ərazisində inşa ediləcək zənginləşdirmə zavodunda emal olunaraq konsentrata çevriləcək. Daha sonra konsentrat pellet istehsalı üçün Şəmkir rayonunda tikilməsi nəzərdə tutulan zavoda nəql ediləcək. Bu məqsədlə ölkədə ilk dəfə uzunluğu 40 kilometrdən çox olacaq şlam boru kəmərinin inşası planlaşdırılır”.

O vurğulayıb ki, istehsal zəncirinin son mərhələsində pelletdən polad sənayesi üçün əsas xammallardan biri olan isti briketlənmiş dəmir istehsal ediləcək: “İllik istehsal gücü 2 milyon ton olacaq zavod Qərb Sənaye Parkının Şəmkir rayonu ərazisinə düşən hissəsində inşa ediləcək. Bu layihənin həyata keçirilməsi ölkədə yüksək keyfiyyətli polad istehsalı üçün dayanıqlı xammal bazasının formalaşdırılmasına imkan verəcək. İllik 2 milyon ton həcmində istehsal olunacaq məhsul ilk növbədə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək, tələbatdan artıq məhsullar isə ixrac ediləcək”

İdarə Heyətinin sədri əlavə edib ki, layihənin reallaşdırılması bir tərəfdən polad sənayesində idxaldan asılılığın azalmasına, digər tərəfdən isə ixrac potensialının genişlənməsinə və qeyri-neft sektorunun inkişafına imkan yaradacaq: “Eyni zamanda, layihə dövlət büdcəsinə əlavə gəlirlərin təmin edilməsinə, yeni istehsal və xidmət sahələrinin formalaşmasına, eləcə də ölkənin sənaye potensialının gücləndirilməsinə mühüm töhfə verəcək”.