Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir

Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir

Aytac Dəniz · Səhiyyə ·

Özbəkistanın Daşkənd şəhərində Özbəkistan Kardiologiya Mərkəzinin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq konqres, eləcə də III Türkdilli Dövlətlər Kardioloqları Qurultayı və “Özbəkistan–Azərbaycan” Tibbi Forumu çərçivəsində tədbirlər keçirilir.

Konqresin ilk günündə keçirilən rəsmi açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşevanın videomüraciəti təqdim olunub.

Videomüraciətində professor Gülnaz Dadaşeva Özbəkistan Kardiologiya Mərkəzinin 50 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, iki ölkənin kardiologiya sahəsində elmi və peşəkar əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

3 oktyabr tarixində isə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının və “Özbəkistan–Azərbaycan” Tibbi Forumunun rəsmi açılış mərasimi keçiriləcək. Tədbirlərdə Azərbaycan, Özbəkistan və digər türkdilli dövlətlərin aparıcı kardioloqları, alimləri və səhiyyə nümayəndələri iştirak edəcəklər.

Keçirilən tədbirlər Azərbaycan–Özbəkistan arasında səhiyyə və kardiologiya sahəsində əməkdaşlığın inkişafı, elmi təcrübə mübadiləsinin genişləndirilməsi və türkdilli dövlətlər arasında peşəkar əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.