Sosial şəbəkələrdə noyabrın 17-də bütün dünyada internetin üç ay müddətinə kəsiləcəyi barədə iddialar yayılıb. “Rəqəmsal apokalipsis” adlandırılan bu ssenari “COVID 2.0” kimi təqdim edilən yeni qlobal böhran ehtimalı ilə əlaqələndirilir. Lakin iddiaları təsdiqləyən etibarlı məlumat yoxdur.
Redaksiya məlumat verir ki, şayiəni yayan şəxs məlumatları Darknet adlanan internet mühitindən əldə etdiyini iddia edir. O, mümkün böhrana hazırlıq adı altında insanları ərzaq, su, pul, qızıl və silah ehtiyatı toplamağa çağırır.
İddianın müəllifi qlobal internet kəsintisinin hansı texniki səbəbdən baş verəcəyini və üç ay davam edəcəyini sübut edən hər hansı yoxlanıla bilən dəlil təqdim etməyib.
Şayiənin diqqətçəkən məqamlarından biri də iddia olunan hadisənin GTA 6 videooyununun buraxılışından iki gün əvvələ təsadüf edəcəyi barədə fikirdir.
Sosial şəbəkə istifadəçiləri bu təsadüfü zarafatla müxtəlif konspirasiya nəzəriyyələri ilə əlaqələndirirlər. Hətta internetin GTA 6 ilə bağlı hansısa “həqiqəti” gizlətmək üçün söndürüləcəyi barədə satirik paylaşımlar da yayılır.
Bununla belə, qlobal internet şəbəkəsinin noyabrın 17-də fəaliyyətini dayandıracağını göstərən təsdiqlənmiş texniki məlumat və ya rəsmi xəbərdarlıq yoxdur.
“COVID 2.0” barədə səsləndirilən iddialar da konkret epidemioloji sübutlarla əsaslandırılmayıb.
Beləliklə, sosial şəbəkələrdə yayılan “rəqəmsal apokalipsis” ssenarisi hazırda faktlarla təsdiqlənməyən konspirasiya iddiası olaraq qalır.
