Cloudflare Rusiyanın bot fermalarının sıradan çıxması iddiasını təsdiqləməyib

Cloudflare Rusiyanın bot fermalarının sıradan çıxması iddiasını təsdiqləməyib

Fərid Əlizadə · Media ·

ABŞ-nin internet təhlükəsizliyi şirkəti Cloudflare Rusiyanın Yandex məlumat mərkəzlərinə dron hücumlarından sonra sosial şəbəkələrdə fəaliyyət göstərən Rusiya bot fermalarının sıradan çıxması barədə yayılan məlumatları araşdırıb. Şirkət apardığı təhlil nəticəsində bu iddiaları təsdiqləyən sübut aşkarlamadığını bildirib. Bu barədə Cloudflare şirkətinin rəsmi bloqunda dərc olunan hesabatda məlumat verilib.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, mütəxəssislər sosial şəbəkələrdən birində paylaşım etmək, şərh yazmaq və bəyənmək funksiyalarına yönələn avtomatlaşdırılmış sorğuları ayrıca təhlil ediblər. Nəticələrə əsasən, nə Rusiya IP ünvanlarından gələn trafikdə, nə də qlobal göstəricilərdə qeyri-adi dəyişiklik müşahidə olunub.

Araşdırma zamanı müəyyən edilib ki, Yandex-in axtarış sisteminə məxsus şəbəkədə trafikin azalması əsasən adi axtarış robotlarının fəaliyyətinin dayanması ilə əlaqədardır. Bu robotlar internet saytlarını nəzərdən keçirərək onların məzmununu axtarış sisteminin bazasına əlavə edir. Onların fəaliyyəti sosial şəbəkələrdə şərh yazan və ictimai rəyə təsir göstərməyə çalışan botların fəaliyyətindən fərqlənir.

Cloudflare-in məlumatına görə, Yandex-in bulud infrastrukturu üzərindən həyata keçirilən bəzi zərərli avtomatlaşdırılmış əməliyyatlar isə tamamilə dayanmayıb. Həmin botların bir hissəsi fəaliyyətini digər hostinq provayderlərinin serverlərinə köçürüb.

Şirkət bunu müştərilərindən birinin qumar oyunları saytı üzərində aparılan müşahidələrlə müəyyənləşdirib. Yandex infrastrukturu üzərindən gələn şübhəli sorğular dayandıqdan sonra eyni xüsusiyyətlərə malik sorğular digər Rusiya hostinq şəbəkələrindən daxil olmağa başlayıb.

Təhlildə sorğuların texniki xüsusiyyətlərinin, istifadə olunan proqram identifikatorlarının və müraciət edilən ünvanların eyni olduğu müəyyənləşdirilib. Bu isə həmin avtomatlaşdırılmış fəaliyyətin başqa serverlər vasitəsilə davam etdirildiyini göstərib.

Cloudflare vurğulayıb ki, məlumat mərkəzlərinin fəaliyyətində yaranan fasilələr avtomatik olaraq zərərli bot şəbəkələrinin tam sıradan çıxması demək deyil. Şirkətin müşahidələri sosial şəbəkələrdə manipulyasiya fəaliyyətinin dayandırıldığı barədə iddiaları dəstəkləmir.

Bununla belə, mütəxəssislər qeyd ediblər ki, mövcud məlumatlar əsasında dron hücumları ilə sosial şəbəkələrdəki bot fəaliyyəti arasında hər hansı əlaqənin olmadığını da qəti şəkildə söyləmək mümkün deyil. Bunun üçün Cloudflare şəbəkəsindən kənar əlavə məlumatların təhlilinə ehtiyac var.