Çində yeni körpünün bir hissəsi uçdu, fövqəladə vəziyyət elan edildi

Çində yeni körpünün bir hissəsi uçdu, fövqəladə vəziyyət elan edildi

Sevinc Kərimova · Hadisə ·

Sıçuan vilayətində, Çinin cənub-qərbində yeni istifadəyə verilmiş Hongqi körpüsünün bir hissəsinin çökməsi hadisəsi baş verib. Bu barədə məlumatı "Reuters" portalı yayıb.

Redaksiya məlumat verir ki, yerli hakimiyyət orqanları hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib, çünki təhlükəsizlik tədbirləri görülmüşdü.

Körpünün çökməsindən təxminən bir gün əvvəl Markang şəhərinin hakimiyyəti 758 metr uzunluğunda olan körpüdə nəqliyyatı tamamilə dayandırmışdı. Bunun səbəbi isə yaxınlıqdakı yamaclarda və yol səthində çatların aşkar edilməsi, həmçinin dağ massivinin qatlarının yerdəyişməsinin müşahidə olunması idi. Bölgədə fövqəladə vəziyyət elan edilib. Markang administrasiyasının rəsmi açıqlamasına görə, noyabrın 11-də vəziyyət kritik həddə çatıb – sürüşmə nəticəsində palçıq axınları yaranıb, bu da giriş estakadasının və yolun bir hissəsinin dağılmasına səbəb olub.

Hongqi körpüsü ölkənin mərkəzi bölgələrini Tibet Muxtar Rayonu ilə birləşdirən strateji əhəmiyyətə malik idi. Körpü "Sichuan Road & Bridge Group" tərəfindən inşa edilmişdi. Tikinti işləri bu ilin əvvəlində başa çatdırılmışdı.