Pakistanın Baş naziri Şahbaz Şərif Çin Prezidenti Si Cinpinə müraciətində iki ölkə arasındakı münasibətləri “dəmir qardaşlıq” kimi xarakterizə edib.
Redaksiya xəbər verir ki, Şərif Çin və Pakistanın dünyada bənzəri olmayan xüsusi strateji tərəfdaşlığa sahib olduğunu bildirib.
“Çin və Pakistan iki dəmir qardaş ölkədir. Bu unikal münasibətin dünyada analoqu yoxdur”, — deyə Pakistan baş naziri qeyd edib.
Şərifin sözlərinə görə, Çin yalnız qlobal miqyasda iqtisadi güc deyil, həm də dünyanın inkişafı və sülhü üçün fəaliyyət göstərən hərbi və siyasi qüvvədir.
Açıqlama Pekin və İslamabad arasında müdafiə, enerji, infrastruktur və regional təhlükəsizlik sahələrində əməkdaşlığın daha da gücləndiyi dövrə təsadüf edir.
Pakistan Çin-Pakistan İqtisadi Dəhlizini iki ölkə münasibətlərinin əsas dayaqlarından biri sayır və Pekini regionda ən yaxın strateji tərəfdaş kimi təqdim edir.
