Çin İranın dinc məqsədlərlə nüvə enerjisindən istifadə etmək hüququna malik olduğunu bəyan edib. Pekin eyni zamanda Tehranın nüvə silahı hazırlamamaqla bağlı öhdəliyini önəmli saydığını bildirib.
Redaksiya Xinhua və Reuters-ə istinadla xəbər verir ki, Çin xarici işlər naziri Van Yi Pekində iranlı həmkarı Abbas Əraqçi ilə görüşdə İranın dinc nüvə enerji hüququnu dəstəklədiklərini deyib. O, nüvə məsələsinin siyasi və diplomatik yollarla həll edilməli olduğunu vurğulayıb.
Van Yinin sözlərinə görə, Çin İranın nüvə silahı hazırlamamaq barədə açıqlamalarını yüksək qiymətləndirir və ölkənin beynəlxalq hüquq çərçivəsində dinc nüvə enerjisindən istifadəsinə hörmətlə yanaşır. Pekin həmçinin güc tətbiqinin və birtərəfli sanksiya təzyiqinin problemi həll etmədiyini bildirir.
Görüş ABŞ və İran arasında danışıqlarda irəliləyiş olduğu, Hörmüz boğazı ətrafında isə gərginliyin davam etdiyi vaxtda baş tutub. Çin tərəfi regionda eskalasiyanın azaldılmasını, gəmiçiliyin təhlükəsizliyinin bərpasını və nüvə məsələsində razılaşma üçün diplomatik kanalların açıq saxlanmasını vacib sayır.
