Çin Xarici İşlər naziri Van İ Pekinin İran və ABŞ arasında gərginliyin azaldılması üçün fəal rol oynadığını bildirib.
Redaksiya CGTN-ə istinadla xəbər verir ki, Van İ jurnalistlərə açıqlamasında Çinin tərəfləri diplomatik kanalları açıq saxlamağa və danışıqları irəli aparmağa çağırdığını deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə sabitliyin bərpası üçün qarşıdurmanın genişlənməsinə yol verilməməli və tərəflər qarşılıqlı güzəşt imkanlarını qiymətləndirməlidir.
Reuters-in məlumatına görə, Van İ həmçinin İran münaqişəsində tərəflərin atəşkəsə sadiq qalmalı və “bir-birinə doğru addım atmalı” olduğunu bildirib.
Çin son aylarda İran məsələsində özünü vasitəçi diplomatik güc kimi təqdim edir. Pekin daha əvvəl də region ölkələri, İran və digər tərəflərlə təmasları artıraraq eskalasiyanın qarşısını almağa çalışdığını açıqlamışdı.
Açıqlama ABŞ-İran danışıqlarının qeyri-müəyyən olduğu və Hörmüz boğazı ətrafında gərginliyin davam etdiyi dövrə təsadüf edir.
